Əli Məsimli : “İslahat addımlarının tempi qarşıdakı aylarda  yenidən artacaq” – MÜSAHİBƏ

 Son günlər bankların dollar satışını dayandırması nəticəsində insanların ABŞ valyutasına olan təlabatını “qara bazar”lardakı valyutadəyişənlər ödəyir. Bu hal son günlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Milli Məclisin payız sessiyasının öz işinə başlamasına isə iki həftədən də az vaxt qalır. İqtisadçı deputatlar bununla bağlı parlamentdə hər hansı bir məsələ qaldıracaqmı?

Millət vəkili Əli Məsimli anamedia.az-a müsahibəsində vətəndaşları maraqlandıran bu kimi suallara aydınlıq gətirib.

-Bankların dollar satışını dayandırması vətəndaşların narazılığına səbəb olur. Bu nədən qaynaqlanır?

-Azərbaycanın neft gəlirləri kəskin sürətdə azalıb. Son vaxtlar  Azərbaycana  gələn valyuta ölkədən çıxan valyutaya nisbətdə azalmağa doğru istiqamət götürüb. Dünyada gedən proseslər, Federal Ehtiyatlar Sisteminin açıqlamaları həmin  amillərə qarışıb manata təzyiqi daha da gücləndirir. Bəzi məqamları nəzərə almasaq, valyutaya tələbat təqribən 600 milyon dollar olduğu bir şəraitdə, Mərkəzi Bank valyuta bazarına dollar intervensiyası etmir. Dövlət Neft Fondu isə məlum limitlər şərçivəsində birjaya  50 milyon dollar, yəni tələbatdan təqribən 12 dəfə az valyuta çıxarır. Tələblə təklif arasında belə kəskin fərqin yaranması dollar tələbatı yüksələn xətlə artırır.  Aydın məsələdir ki, belə şəraitdə manatın məzənnəsi aşağı düşməkdə davam edir. Kommersiya banklarının xeylisinin valyuta satışını dayandırması və ya 100-200 dollar limitlə davam etdirməsi ajotajı daha da artırır. Bütün bunlar “qara valyuta bazarı”nın genişlənməsinə gətirib çıxarıb. Mərkəzi Bankın verdiyi rəsmi məzənnənin  1.63-1.64 arasında  olduğu şəraitdə bəzi banklar 1.70 civarında, “qara bazar” isə 2.00 manat ətrafında alqı-satqı edirlər. “Qara bazarda” məzənnənin  kommersiya banklarındakından 15-17 faiz yüksək olması manatın məzənnəsinə əlavə təzyiq yaradır. Bütün bu kimi amillərin təsiri ilə  dollara nisbətdə manatın məzənnəsi düşməkdə davam edir.

-Bankların valyuta satışını dayandırması  ilə yanaşı, belə qeyri-müəyyən bir şəraitdə “qara bazarda bu qədər valyuta  hardandır? ”Qara bazar”a valyuta banklardan ötürülür, yoxsa başqa mənbədən daxil olur? “Qara valyuta bazarı” çirkli pulların yuyulma arenalarından birinə  çevrilməyəkmi?”

-Bu kimi   sualların indiyədək açıq qalması həmin qeyri-müəyyənliyi və narazılıqları daha da artırır. “Qara bazar”ın bu cür sürətlə çiçəklənməsi manatı əlavə təhlükə altına saldığından, ordakı vəziyyətin bu cür davam etməsi iqtisadiyyatın maliyyə dayanıqlığına ciddi zərbə olacaq. Dolların belə sürətlə bahalaşması qiymətlərin də artmasına və əhalinin gəlirlərinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Ona  görə də aidiyyatı orqanlar həm “Qara bazar”la, həm də təbii qiymət artımı ilə bağlı vəziyyəti səhmana salmalıdır. Süni qiymət artımı  sahəsində yaranmış xoşagəlməz  vəziyyətə də nəzarət gücləndirilməlidir.

-Manatın dəyərdən düşməsi nə vaxta qədər davam edəcək?

Manat bazar dəyərini tapana qədər dollar nisbətdə dəyərdən düşməsi prosesi davam edəcək. Azərbaycan iqtisadiyyatının hazırkı göstəriciləri və bir sıra digər parametrlər daxilində manatın dollara  nisbətdə bazar dəyəri  kommersiya banklarının təklif etdikləri indiki məzənnədən bir qədər yüksək, qara bazardakına isə yaxındır. İndiki ssenarı daxilində yumşaq devalvasiya davam edir. Manat bazar dəyərini tapandan sonra müəyyən zaman kəsiyində onun məzənnəsində bir qədər nisbi sabitləşmə ola bilər. Amma bir müddət. Həmin sabitləşmənin müddəti  hökumətin yeritdiyi siyasətin keyfiyyətindən asılı olacaq. Bu variantdan kənar başqa ssenarilər isə kabinetlərdə müəyyənləşdiyindən onları proaqnozlaşdırmaq mümkün deyil.

      -Milli Məclisin payız sessiyası öz işinə başlayanda bankların dollar satışını dayandırması ilə bağlı məsələni gündəmə  gətirməyi düşünürsünüzmü?

-Bəli, düşünürük. Biz,  deputat həmkarım Vahid Əhmədovla birlikdə bir sıra mütəxəssislərin də fikirlərini əlavə etməklə təkliflər paketi hazırlamışıq. Həmin paket Azərbaycanda maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı, real sektorun maliyyə təminatının səmərəliliyinin artırılması, eləcə də manatın devalvasiyasından sonra xarici valyutada kredit alanların vəziyyətinin pisləşməsinin qarşının alınmasına  yönəlikdir.  Təkliflər paketini hazırladıqdan sonra  aidiyyatı orqanlara da göndərmişik. Artıq beşinci aydır ki, təkliflərə cavab yoxdu. Bu sahədəki islahatların gecikdirilməsi vəziyyəti daha da qəlizləşdirəcək. Ona görə də biz Milli Məclisin payız  sessiyası öz işinə başlayanda bununla bağlı məsələni  gündəmə  gətirəcəyik. Qeyd etmək istərdim ki, Milli Mclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə islahatların hüquqi bazasının genişləndirilməsinə və möhkəmləndirilməsinə dair nühüm  sənədlər  daxil olmaqdadır. Ona görə də düşünürük ki, bu ilin əvvəllərindən sürətlənməyə başlayan islahat addımlarının tempi qarşıdakı aylarda  yenidən artacaq.

– Hökumət banklardakı dollar qıtlığı ilə  bağlı məsələni hansı yolla həll etməyə çalışır?

-Hələlik görünən budur ki, Mərkəzi Bankla yanaşı Neft Fondu da  manatın məzənnəzinin sabitləşdirilməsi işinə yönəlik fəaliyyətə başlayıb. ”Qara bazar” da öz işindədir. Amma Neft Fondunun bazara çıxardığı valyuta tələbatdan  xeyli az olduğu üçün manat ucuzlaşmaqda davam edir. ”Qara bazar” isə bu sürətlənmənin tezliyini daha da artırır. Belə üsullarla  manatı sabitləşdirmək mümkün deyil. Yaranmış durumun kəskinliyini  yumşaltmaqdan və vəziyyətdən tədricən çıxmaqdan ötrü, ilk növbədə ölkəmizdə idxalı əvəz edən məhsul istehsalını artırmaq lazımdır. Ölkədən xaricə gedən valyuta axını azaldılmalıdır. Digər tərəfdən, iqtisadiyyatın şaxələndirilməsinin səmərəliliyini artırmaqla qeyri neft sektorunun ixracı genişləndirilməlidir. Bununla da  ölkəyə neft sektoru ilə yanaşı həm də digər sahələrdən yetərincə əlavə valyuta axınını təmin etmək lazımdır. İqtisadiyyatın səmərəli, tarazlı inkişafını və manatın sabitliyini təmin etməyin ən etibarlı yolu budur.

Tural Turan

09.09.2016 11:13

Xəbər 893 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar