Elşad Süleyman : “Oynadığım tamaşaya cənab prezidentin gəlməsini çox istərdim”

Gənc aktyor Elşad Süleymanın anamedia.az saytına verdiyi müsahibəsini təqdim edirik.

Necəsiniz? Müsahibəyə hazırsınızmı?

Əlbəttə hazıram. Tam qüvvəmlə ( gülür)

Məsuliyyətli insansınız? Ən böyük  məsuliyyət  daşıdığınız an nə ilə bağlı olub?

Çox…Çox məsuliyyətli insanam. Hər bir halda kimliyindən vəzifəsindən asılı olmayaraq əgər o insana söz vermişəmsə mütləq əməl etməliyəm. Məsələn teatrda məşqə saat 5 üçün söz vermişəmsə mütləq 5 tamamda mən orada olmalıyam. Gözləmək isə ən sevmədiyim haldır. Qeyri-dəqiq insanları sevmirəm.

Tamaşaya hazırlaşıb tamaşaçı qarşısına çıxmaq, yoxsa müsahibə ilə oxucuların qarşısına çıxmaq? Hansı asandı?

Oxucular qarşısına birinci dəfədir çıxıram. Bu ilk müsahibəmdir. Açığı təkliflər olub. Amma sayta baxış sayı az olduğu üçün razılıq verməmişəm.

Rus Dram Teatrında çalışırısınız.

Bəli. Mən birinci kursda oxuyarkən Gənc Tamaşaçılar Teatrına dəvət aldım. Orada baş rolu oynadım. “Nənəmin kələyi” tamaşasında. Sonra isə Rus Dram Teatrına gəldim. Rus dili mənə daha yaxın olduğu, rus bölməsini bitirdiyim üçün. Artıq 10 ildir ki, bu teatrda çalışıram.

Özünüz necə digər teatrlarımızda olursunuz heç? Tamaşaçı qismində izləmisiniz?

Əlbəttə ki, vaxt olduqca gedirəm. Bu mütləqdir. Orada mənim dostlarım, qrup yoldaşlarım var. Onların primyeralarına tamaşaya gedirəm. Bir həftə öncə də Kiyev şəhərində idim və ora getdiyim an ilk işim tamaşaya getmək oldu. Bu da çox vacibdir. Hər hansı bir xarici ölkədə olduğun zaman onların teatrına getmək tamaşalarıyla tanış olmaq lazımdır.

Hansı müqayisəni apardınız? Xaricidəki tetr səhnəsilə bizim teartın səhnəsində? Fərq varmı?

Əlbəttə…İstəməzdim bu barədə rəy bildirim. Amma müqayisə ediləcək çox fərq var. Deməzdim biz istedadsızıq əsla. Əksinə qat-qat istedadlıyıq. Sadəcə onlarda olan dəqiqlik, sinxronluq, həvəs o ruh yüksəkliyi bizdə zəifdi.

O mükəmməllik üçün nə çatmır bizdə?

Bilirsiniz…Teatra, film kino sahəsinə dövlət dəstəyi var. Bildiyiniz kimi bütün teatrlar tam təmir olundu, mükəmməl texniki avadanlıqla təmin olunub bizim ixtiyarımıza verildi. Bu dövlətin bizə, sənət adamlarına hədiyyəsi idi. Mövzu da var, rejissor da, aktyor heyyəti də var. Sadəcə bizdə tənbəllik var.
Ola bilər ki, tamaşaçı sayının az olması ruh düşkünlüyü yaradır? Motivasiya yoxdur yəni.

 

Bəli…Çox doğru qeyd etdiniz. Əlbəttə ki, ən başlıca səbəb budur. Təsəvvür edin tamaşa üçün hazırlaşırsan, qrim olunursan, obrazın bütün xüsusiyyətini daşıyırsan, çıxırsan səhnəyə və görürsən zalda 10-15 adam əyləşib. Bu çox təsiredici və təəssüfləndiricidir…Biz uzun zamandır ki, anşlaqla keçən tamaşa görmürük.
Aktyorun tamaşaçı arzusu, tamaşaçının teatr istəyindən güclüdür?

Bəli…Şəxsən mən oynadığım tamaşaya cənab prezidentin gəlməsini çox istərdim. Bu ən çox arzuladığım bir hissdir.
Deyirlər teatr eşqə bənzəyir, insanı həzin-həzin ağladır. Sizin  teatrla olan sevginiz hansı pillədədir?

Sevdiyimi, həyat yoldaşımı, ailəmi, uşağımı teatra görə atmaram. Düzdü ailəli deyiləm hal-hazırda amma ailəmi teatr sevgisinə dəyişmərəm. Yəni bu məhəbbət bura qədərdir!

Aktyorluq sənətini seçməkdə nə cəlb etdi sizi?

Mən bu sənəti seçmədim. Mən artist doğuldum. Yəni uşaqlıqdan hər kəs deyirdi ki, bu uşaq artsitdir. Müxtəlif obrazları canlandırırdım, onların sözlərini əzbərləyirdim. Hətta Məşədi İbadın geyimini tapıb o rolu ifa edirdim. Sonra təbii ki ali təhsil aldım, universiteti qırmızı diplomla bitirdim. Bəzən təəssüflər olsun ki, məktəbdə dərs oxumayan, müəllimi dinləməyən, yüngül hərəkətlər edən uşaqlar sonda incəsənəti seçirlər. Amma yenə də xalqın gözü tərəzidir. Yəni bu sənət heç bir tapşırıqla olan iş deyil. Bacarıq və istedada bağlıdır.

Bir az da hal-hazırda yayımlanan və kifayət qədər sevilən serial Vicdan Haqqından danışaq. Bu filmdə çəkilmək təklifi kimdən gəldi?

İki-üç il bundan əvvəl Rövşən İsaxdan “ Sonuncu fəsil “ serialında çəkilmək dəvəti gəlmişdi. Amma müəyyən səbəbdən alınmadı. Yəni o vaxtdan sonra rejissor Rövşən İsaxla çalışmaq qismət oldu mənə. Bu serilada rol aldığım üçün bu cür istedadlı və peşəkar rejissorla çalışdığım üçün çox məmnunam.

Fuadın qarşılaşdığı problemləri siz yaşasaydınız Elşad olaraq necə davranardınız?

Bilirsiniz çox fərqlidir mənim valideynlərimlə Fuadın valideynləri. Mənim valideynlərim heç vaxt mənə müdaxilə etməyiblər. Bilirlər ki, yaxşı da olsa, pis də olsa mənim seçimimdir və mənim qərarlarıma hörmətlə yanaşıblar. Amma Fuad kimi olsaydım yəqin ki, elə Fuad kimi davranardım yenə mübarizə aparardım. Siz çox şey bilmirisiniz,(gülür) Fuad heç də səssiz deyil, göründüyü kimi deyil. Keçən müddət ərzində siz Fuadın nələr edə biləcəyinə şahid olacaqsınız.

Bəzən gənclərə qarşı qısqanclıq yaranır qocaman peşə sahibləri tərəfindən siz necə münasibət görmüsünüz?

Bəli (gülür) Çox həddindən artıq pis münasibət görmüşəm. Bildiyiniz kimi “Vicdan Haqqı” serialı çox sevildi və reytinqlərdə birinciliyə sahib bir serial oldu. Bu danılmazdır yəni. Bu serialdan sonra mənə qarşı ətrafımda münsibətin dəyişdiyini gördüm. Çox qəribədir. Neçə illərdir əlaqəmizin kəsildiyi adamlar məni axtarmağa başladı, zənglər filan…Əksinə mənə yaxın olan bəzi insanlar isə uzaqlaşmağa başladı. Çox təzadlı bir münasibət yarandı ətrafımda. Rövşən İsaxın bir sözü var həmişə deyir ki, xərçəngin dərmanı bəlkə də illər sonra səhiyyə inkişaf edəcək tapılacaq amma paxıllığın dərmanı tapılmayacaq (gülür).
Dərmanı tapılsa belə yenə də paxıllıqdan gizli saxlayacaqlar.

Azərbaycanda seriallara maraq yetərincə deyil səbəb texniki tərəfdədir yoxsa qeyri- peşəkar aktyorluqda?

Bilrisiniz insan nə vaxt səmimi görünür? Özü kimi olanda, səmimi olanda. Dövlət 5 milyon manat bu sahənin inkişafı üçün vəsait ayırdı. Bir neçə klip çəkən rejissorlar başladı serial çəkməyə. Nümunə olaraq da türk serillarını örnək götürdülər. Bu isə onları təkrarlamaq oldu. Biz özümüz olmadıq. Tamaşaçı bu müqayisəni görür və hiss edir ona görə də həmin o seriallar tutmadı. Vicdan Haqqı niyə rəğbət qazandı? Çünki burada biz özümüzük.

Əvvəllər hansısa filmdə , serialda rol almısınız?

Bəli, “Bir ailəm var” serialında rol almışam.

Tv layihələrdə də görürdük sizi həmkarımız kimi.

Bəli Atv kanalında yayımlanan “Bizim səhər” proqramında Nanə xanımla, Günay xanımla çalışmışıq. “Xeyir ola” verilişində, Lider TV-də yayımlanan “Klip Parad” verilişində də aparıcılıq etmişəm.


Gəncsiniz…Hər halda gənclərin gələcəyə yönəlmiş planları, arzuları daha çox olur. Seçdiyiniz sənət sosial problemlərinizin öhtəsindən gələ bilirmi?

Açığı deyim ki xeyr…Arzular sözsüz ki tükənmir. Amma normal yaşayış səviyyəsi belə aktyorlar üçün əlçatmazdır. Aldığımız məvacib çox azdır. Bu isə gündəlik tələbatı ödəməyə belə yetmir. O ki, qaldı gələcək planlar üçün.

Gəlir əldə etmək üçün alternativ işlə məşğul olursunuzmu?

Bəli. Toylara, banketlərə, tədbirlərə dəvət alıram aparıcı kimi. Bu da davamlı bir iş deyil yəni nə vaxt dəvət olarsa.

Xarici ölkələrə nəzər salsaq, aktyorlar dəbdəbəli həyatları ilə seçilirlər.

Bizdə dəbdəbəli həyatı məmurlar yaşayır. Xaricdə məmurlar işə metroyla gedir, xalqın içində olur, xalq ona sualını problemini rahatlıqla deyə bilir. Bizdə isə əksinədir. Aktyorlar metro ilə gedir məmurlar isə ulduz kimi yaşayır. Şou əhlidir sanki (gülür).

Yenə qayıdıram teatra…Ümumiyyətlə teatra maraq azdır tamaşaya az izləyici gəlir. Problemi nədə görürsünüz? Bəlkə teatr müasir sənət deyil?

 

Məncə təbliğat güclü olmalıdır. Bizdə insanlar nə təbliğ olunursa, ona maraq göstərirlər. Əgər bu gün teatra tanınmış insanlar, vəzifəli şəxslər gəlsə, inanın ki, teatra axın olar.

Yaxın günlərdə repertuarda hansı tamaşalar olacaq?

Hal-hazırda məşqlərimiz gedir. Gələn ay yazıçı Elçinin “ Sənətkarın taleyi” əsərini səhnələşdirməyə hazırlaşırıq.

Ümid edirəm tamaşanız anşlaqla keçər…”Sənətkarlarımızın taleyi” də həmişə üzlərinə gülər.

AFƏT NATİQ

 


 

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

26.09.2016 20:29

Xəbər 3646 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar