Nigar İsmayılqızı

Səssiz insan

… Səsli insan səssizliyə qərq olmuşdu. Sən demə, bu sükutdan onu kimsə xilas edə bilməyəcəkdi. Yanvar ayı idi, hava elə də soyuq deyildi. Qara rəngli, üstü sarı naxışlarla işlənən qapı açıldı. Hündürboy, dolu bədənli, siqareti aramla çəkməyi sevən, əynində idman forması olan bir adam pilləkənlərdən ağır-ağır düşüb, təzə mənzilə daxil oldu. Əslində bu insanın hərəkətləri hər zaman cəld görünərdi. Bu gün isə tam başqaydı. Səsli insan hər zamankının əksinə əyişilib, səssiz olmuşdu. Sanki dili tutulmuşdu, heç kimlə danışmaq istəmirdi. Sual dolu baxışlarla ətrafı seyr edir, nəyinsə baş
verəcəyini duyurdu. Amma hələ ki, susmağa məcbur idi. Əslində məhkum idi desəm, daha doğru olar. Evin pəncərəsi açıq idi. Sarı pərdələr yavaş-yavaş hərəkət edirdi. Səssiz insanın gözlərindəki suallara bundan sonra kim cavab verəcəkdi!? Heç kim… Elə suallar var ki, onların heç vaxt cavabı olmur.

Ana, dizlərim sınıb, daha gəzə bilmirəm. Boşluqdayam. Çıxa bilmirəm bu boşluqdan! Kömək elə mənə, dizlərim sınır! Dayana bilmirəm! Başqa bir dünyadayam, sanki! Boşluqdayam, ana!.. Ana onsuz da hər şeyi bilirdi. Bu günü dramatik notlarla başa vuracaqlarını da yaxşı anlayırdı. Məhz, bu gün bir ailə dramının ssenarisinin ilk səhifələrinin
yazılmasına xitam veriləcəkdi! Və beləcə saniyələr, dəqiqələr, saatlar, günlər, həftələr, aylar, illər keçdi!
Hətta beş il oldu. Səssiz insan dizlərinin canağrıdan sızıltısından hələ də azad ola bilməyib. Onun qəlbindəkilərə, arzuların qapısına kimsə ağır, qara bir açar vurmuşdu, elə bil. Bayaqkı qapı kimi. Adam sadəcə cismani olaraq mövcud idi. Ruhunu axtara-axtara gəzirdi. Ən əsası, harda nə zaman və nə üçün itirdiyini yaxşı bilirdik. Amma biz də
ona kömək edə bilmirdik. Səssiz adam yaşadığı mənəvi, psixolojı travmadan xilas yolu axtarırdı. Ruhunun zədə
alıb, sındığını yaxşı bilirdi. Sındı. Onun ruhunun sındığı gün. Bir gün! Amma həyəcanının özündən əvvəl gəldiyi
gün!
Dekabr ayı idi. Səhər saatlarında Atillanı yenidən əməliyyat edəcəkdilər. Bu gün son şansı idi. Artıq bir illik ağrılara, əməliyyatlara son qoyulacaqdı.
Saat 13:00…
Mərkəzi Klinik Xəstəxanın dəhlizində insanlar ora-bura yürüyürdü. Hava da soyuq idi. Pəncərədən baxanda  budaqların üstündəki yırğalanan yarpaqları açıq-aydın görmək mümkünüydü. Əməliyyatın cavabını səbirsizliklə
gözləyirdilər. Və o an gəlib çatdı. Əməliyyat yarıda qaldı. Dəhlizdə ağ xalatlı həkim göründü: Məni bağışlayın!
Xəstəni xilas edə bilmədim! Atilla həyata əlvida dedi… O yeni dünyanın körpüsünə qədəm qoydu… Mələklər futbol oynamağı sevən, aktyorlarla dostluq etməyi bacaran, gün ərzində saysız-hesabsız siqaret çəkən Atillanı Tanrıya təhvil verirdilər… Atillanın atası əlində bir dəstə güllə oğlunu qarşılamağa gəlmişdi!
Ev…
Sükuta qərq olan mənzil… O məni tək qoyub gedə bilməz… Söz vermişdi!..

…Səssiz insan için-için ağlayırdı…
O, xəstəxanın şüşələrini qırıq-qırıq etmişdi. İnsan, bəzən damarlarından axan isti qanla sakitləşir. Bu gün
qan ağrı kəsici dərman kimi istifadə olunurdu. Və bununla da səsli insan, məhz həmin gün səssizliyə
qovuşdu. Adam səssizliyi elə vurulmuşdu ki, qopa bilmirdi yüksək enerjidən. Bir qüvvə onu idarə edirdi!
Ağır bir qüvvə, ruhunu sındıran qüvvə.

Mənzildəki əşyalar da səssizliyə qərq olmuşdu. Səssiz insanı xilas etmək üçün Türkiyəyə, İrana
göndərdilər. Ulu Dağdan maraqlı şəkillər gəlirdi. Şəkillər, görüntü – bunlar diqqəti çəkirdi. Əslində şəkillərdə heç
bir duyğu yox idi. Bəlkə səfər edər, bir balaca rahatlıq tapardı. Ruhu elə sarsılmışdı ki, səfərdən gələndən sonra
şirin canına qıymağa cəhd etdi. Dostlarının, ailə üzvlərinin sayəsində intihar cəhdinin qarşısı alındı! Biz
insanlar cismani intiharın cəhdini ala bilərik! Aldıq da. Amma, hər şey heyvanıstan idi. Mənfi enerjinin gücü
adamı insanlıq duyğusundan çıxarmışdı. Heyvanıstan deyincə gözlərim önündən bir insan keçdi.
XX əsr İngilis ədəbiyyatı…
Şəxsiyyət…
Zəka və ruhi ədalətsizlik…
Yazıçı Corc Oruel…
…Keçmişi səsli, bu günü səssiz olan insan ruhu ilə savaşda idi. Ruhi intihar artıq öz işini çoxdan görmüşdü.
Baş verən hadisələrin içindən keçdikdən sonra, hədisləri görməyə və hiss etməyə çalışdım. Bu insanı intihardan
xilas etdiyimiz gün bizə nə verdi?! Bu insanın bu qədər əzab içində yaşaması özü üçün lazım idimi?! Dizləri
sındığı gün səssiz insan qara bir enerjinin varlığından hər gün dənizin dibinə çökürdü. Biz insanlar onu cismani
intihardan xilas edib, hər gün, hər an, hər saat baş verən mənzərəyə tamaşa edirdik!
İllər keçməsinə baxmayaraq mono-səhnə əsərinə baxış hələ də davam edir! Tarixi şəhərdəyəm. İstanbuldayam. Yol gedirəm. Bir sms gəldi.
– Səni çox istəyirəm!..Bu son illər nələr yaşadığımı sən də görmüsən…Mən sənin tanıdığın insan deyiləm…
İçimdəki heyvan məndən əl çəkmir…Gəl İstanbula…
Gedək gəzək…Adalara gedərik… Bacını da gətir, gəl. Bəlkə bu səfər səni bir balaca sakitləşdirər…Bilirsən nə
hiss edirəm? Elə bil içim bir bazardı… Bu bazara biri bilməyərəkdən bir bomba qoyub, partladıb. Bazarda
rəngli, səliqə ilə düzülən meyvələr param-parçadı. Ruhumu bərpa etməyə çalışıram… Anlayırsan məni!?!
– Əlbəttə anlayıram!
– Keçmişi unutmağa çalış… Sabaha bax…Sənə
sadəcə zaman lazımdı…

07.07.2015 (saat 13:30) İstanbul-Ortaköy-Kuru kənd

04.09.2016 08:21

Xəbər 828 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar