Nigar İsmayılqızı

Balaca Sabiha…

Hava küləkli idi. Uludağın üstündən günəş bəşəriyyətə yavaş-yavaş günaydın deyirdi. Dostlarla birlikdə “Hünkar” Köşkünə gedirdik. Bursada bu köşk “Atatürk” Köşkü kimi də tanınır. Tarixi məkan dağların ətəyində yerləşir. Balaca, ensiz, qədim yollar bizi “Hünkar” Köşkünə gətirib çıxardı. Uludağın ətəyində yerləşən köşk 1844-ci ildə tikilib. Bu məkan Sultan Əbdülməcidin Bursa gəzintisi zamanı yaradılıb.

… Bir gün.

Mustafa Kamal Atatürk “Hünkar” Köşkündə oturub. Həyətdən gələn səs-küyü eşidib. Eyvandan həyətdə baş verənlərə baxıb. Atatürk balaca bir qızın mühafizəçilərlə mübahisə etdiyini görüb. Balaca qız həyətə daxil olmaq istəyib. Mühafizəçilər icazə verməyib. Qızcığaz çətinliklə  köşkə daxil olub. O gün onun bircə istəyi var idi. Mustafa Kamal Atatürkü yaxından tanımaq. Sarı saçlı qız Atatürkə öz arzularını demək istəyib. Atatürk bu qızın həyacanına canlı şahid olub. Və tez bir zamanda balaca qıza yaxınlaşıb. Soruşub: Nə istəyirsən? Mən oxumaq istəyirəm… Bu sözləri eşidən Atatürk sən oxuyacaqsan deyə balaca qızcığaza cavab verib. Mən sənin valideynlərinlə görüşəcəm.  Oxuyub mənim qızlarımdan biri olacaqsan. Bunları bizə muzeyin bələdçisi deyirdi.

… Qadın.

Saatlar, günlər, həftələr, aylar, illər keçdi. O dünyanın ən məhşur qadınlarından biri oldu. Saçları qısa, qaşları nazik, daha çox ağ və qara rəngdə geyinən gülərüz qadın kim idi?

Balaca qız anasını, atasını körpə yaşlarında itirib. Neşet adlı qardaşı tərəfindən böyüdülüb. Atatürklə qonşu olanda onun on iki yaşı var idi. Bursada yerləşən evləri Atatürkün köşkünə çox yaxın idi. Xəyalında rəqs edən arzusunu bir anda Atatürkə etiraf edib. Demə bu görüş Sabihanın həyatının dönüş nöqtəsi olacaqdı.  Atatürk bir çox çətinliklərə baxmayaraq,  Sabiha Gökçənin qardaşı ilə söhbət edib. Qardaşının icazəsindən sonra Atatürk Sabihanı qızlığa götürüb.  Atatürklə Bursada tanış olan Sabiha Ankaraya yola düşüb. Məktəbli qız ilk təhsilini Çankayada, Arnavutköydə, Amerikan Qız Kolejində, Üsküdar Amerikan məktəblərində oxuyub. Günlərin birində səhhətində problem yaranıb.  Təhsilini yarımçıq qoyub.  Heybeli ada və Vyanada müalicə olunub.  Zaman keçib. Təsil almaq üçün mübarizəni davam etdirib.  Qadın fransız dilini öyrənmək üçün Fransaya yola düşüb.

… Yol.

Bir çox şəhərlərdə yaşayan bu qadının adı Sabiha  Gökçendir. Səmalarda uçuşan təyyarələr var olduqca, bu qadının adı daim yaşayacaq. Osmanlı imperatorluğunun qədim şəhəri olan Bursada doğulub. Dünyanın hər bir ölkəsinə səyahət edib. Soylu türklərin yaşadığı Üsküdarda həyatını davam  etdirib. Atatürkün dəstəyi ilə Türkiyənin ilk qadın təyyarəçisi  olub.  İllər sonra o, dünyanda ilk qırıcı təyyarə sürən xanım kimi tanınıb.  Ankarada həyata əlvida deyib!

… Son.

Onun ruhu daim göydə pərvaz edir. Bir zaman Sabiha Gökçen insanları səmaya qaldırırdı. Bu gün onun adı qulaqlarda əks-səda verir. Əbədi həyat buna deyilir. Ağ təyyarələr həzin-həzin səmada  rəqs edir. Bu rənglər dünyanın sonsuzluğuna, səssiz bir işarədir. Nəsə yazmaqa ehtiyac yoxdur. Tarix sussa da, mədəniyyət yaşayır. Bütün əsrlərdə mədəniyyətin deməyə sözü olur. İnsanlıq, tarixi şəxsiyyətlər, mənəvi aydınlıq günəş kimi parlayır…

Səhər saatları. Bursa-Uludağ

13.12.2016 22:19

Xəbər 246 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar