“Qarabağ həqiqətləri uşaqların gözü ilə” adlı filmin təqdimatı keçirildi

ADU -da “Qarabağ həqiqətləri uşaqların gözü ilə” adlı filmin təqdimatı keçirildi Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Ritorika” Yeniyetmə və Gənclər mərkəzi və Real Line Tv-nin birgə əməkdaşlığı çərçivəsində lentə alınan “Qarabağ həqiqətləri uşaqların gözü ilə” adlı filmin təqdimatı keçirildi.

Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, millət vəkili Qənirə Paşayeva, “Xocalı soyqırımı Tanıtma” İctima Birliyi, Yasamal rayonu 286 saylı orta məktəbin direktoru Samir Mehdizadə və universitetin müəllim heyəti, tələbələr iştirak edirdilər. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları universitetdə görməkdən şad olduğunu dilə gətirdi. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyasının nümayəndələrinin davamlı olaraq universitetdə tədbirlər keçirdiyini deyən D.Yunusov bu cür tədbirlərin keçirilməsinin gənclərdə yüksək vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynadığını söylədi. Azərbaycanın daim inkişaf etdiyini, regionda ən qüdrətli dövlətə çevrildiyini deyən professor D.Yunusov gənclərimizin bu ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan söz açdı. Gənclər arasında Xocalı soyqırımının, yaşanan ağrı-acının tarixi köklərindən gələn yoldan bəhs edən, eyni zamanda səsimizi dünyaya duyurma yollarını aşılayan tədbirlərin keçirilməsini yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva müstəqilliyin yenidən bərpasının 25 ilinin qeyd olunduğunu diqqətə çatdırdı. Bizim xoşbəxt xalqlardan olduğumuzu deyən millət vəkili tələbələrin Azərbaycanın tarixini öyrənmələrinin vacibliyindən danışdı.

Tədbirdə, həmçinin layihənin rəhbəri Real Line Tv-nin sədri Lumu Aydın , filmin ssenari müəllifi “Ritorika” Yeniyetmə və Gənclər mərkəzinin direktoru Arzu Nəbizadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Yasamal rayonu 286 saylı orta məktəbin direktoru Samir Mehdizadə fikirlərini iştirakçılarla bölüşdülər və filmin əsas məqsədinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaqlarda vətənpərvərlik ruhunu aşılamaq olduğunu diqqətə çatdırdılar. Daha sonra adıçəkilən məktəbin şagirdlərinin iştirak etdiyi film izlənildi. Filmin nümayişindən sonra vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndi. Sonda filmdə əməyi keçən hər kəs “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin və Real Line Tv-nin birgə təsis etdiyi diplomlarla təltif olundular.

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows

02.11.2016 14:26

Xəbər 309 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar