Sığortaçılıq və iqtisadiyyat

 Digər internet saytlarının birində, Azərbaycanda sığorta bazarında mövcud problemlər və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bu sahədə qəbul edilmiş qanunlara riayət olunmasını təmin etmək cəhdləri ilə bağlı fikirlərimi paylaşmışdım.

İndi isə sığortaçılığın inkişafı və iqtisadi inkişafda sığortaçılıq fəaliyyətinin rolu barədə mülahizəmi hörmətli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Yeni sığorta qanununun qəbulundan uzun müddət keçməsə də, Azərbaycanda sığortaçılıq fəaliyyətində irəliləyiş nəzərə çarpır.

Bu gün ölkəmizdə ən çox tələbat duyulan sığorta növü avtomobil sürücülərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Bu sığorta növünün inkişaf etdirilməsi iqtisadiyyata necə təsir göstərdi? İlk olaraq qeyd edim ki, neft erasının bitməsi və ölkə iqtisadiyyatında müəyyən durğunluğun yaranması şəraitində sığortaçılıq işi kiçik biznesin inkişafi üçün fürsət yaratdı. Ən əsası isə vergi mədəniyyəti və biznes fəallığı gündəmə gəldi. Son statistik məlumatlara əsasən, 2016-cı ilin yanvar-iyun aylarında sığorta şirkətləri tərəfindən 285 milyon manatdan artıq sığorta haqqı toplanıb. Bu o deməkdir ki, il ərzində sığorta şirkətlərinin fəaliyyəti nəticəsində yarım milyard manat vəsait banklar vasitəsilə dövriyyəyə qaytarılır.

Fikrimcə, ticarət sahəsində nəğdsiz alış-verişin yox dərəcədə oldugu bir vaxtda yarım milyardın dövriyyədə olmasının nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. İcbari sığortanın digər iqtisadi faydası barədə qeyd edim ki, ölkə ərazisində bir milyon üçün yüz min avtonəqliyyat vasitəsinin mövcud oldugunu nəzərə alsaq, deməli sürücülər məcburi qaydada olsa da, öz mülki məsuliyyətini sığortalayıblar. 6 ay ərzində sığorta şirkətləri tərəfindən 101 milyon manatdan artıq sığorta ödənişləri edilib ki, bu da minlərlə vətəndaşın üçüncü şəxslərə vurulan külli miqdarda ziyanı ödəməkdən azad olduqlarını və öz büdcələrində yarana biləcək ziyanı qarşıladıqlarını göstərir.

Çox təəssüf ki, bu kimi statistik məlumatlar sığortaçılığın həm iqtisadiyyat, həm də vətəndaşlarımız üçün yaratdığı imkanlar kütləvi informasiya vasitələrində geniş təbliğ olunmur. Əksər hallarda sığorta sahəsi ilə bağlı heç bir bilgisi olmayan mətbuat işçiləri tərəfindən sensasiyalı məlumatlar ötürülür.

Nəticədə əhalinin sığorta şirkətlərinə inamı azalır və sığortaçıların işində müəyyən çətinliklər yaranır. Bu baxımdan sığorta sahəsi ilə bağlı hər hansı bir məlumatı paylaşmadan öncə sığorta mütəxəssislərinə müraciət etmək olduqca vacibdir.

08.08.2016 15:11

Xəbər 770 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar