Yurtsevən Şən:

Şair, yazar Yurtsevən Şənin özəl olaraq Anamedia.az saytına verdiyi müsahibəsini təqdim edirik.

Necəsiniz? Əhvalınız necədir? Şairlərin əhvalı tez-tezmi dəyişir?

Çox təşəkkür edirəm yaxşıyam. Gündəlik həyatda yaşadığımız hər şey bizim və şeirin əhvalını dəyişdirir. Ancaq bunda keçmişin, yaşın  və yaşadığın çevrənin də böyük təsiri var. Şairlər bütün bu əhvaldan  yetərincə təsirlənərək şeir yaradırlar. Şeir insanın hisslərinin kağıza tökülməsidir.

Yəni dəyişkən bir hala sahibdirlər.

Əsasən tez-tez dəyişməz. Məsələn bir qıza aşiq olar. Sevgi şeiri yazar qızdan ayrılar, ayrılıq şeiri yazar. Xüsusilə iyirimi yaşlarında.  Amma yaş artdıqca daha çox insanla əlaqəli, fəlsəfi şeirlər yazılır və vətən şeirləri. Ancaq təbii ki hər şair hər yaşda istədiyini yazıb. Mən ümumən belə dəyərləndirərdim.

Yaradıcı insanın dünyası dediyimiz bir anlayış var. O dünya nə ilə fərqlənir digərlərindən? Bizim görmədiyimiz nələr var?

Bunu bir örnəklə cavablandırasaq: Bir ceyran gördüyümüz  zaman ovçu ona ov olaraq baxar, və ya əti yeyiləcək bir heyvan olaraq. Amma sənətkar, yaradıcı insan o ceyranın yerişini sevər, gözlərini sevər,  baxışını sevər, qaçışını, ürkməsini sevər və o ceyranda  sevgilisini görər. Lakin digər insanlar onu sadəcə ov olaraq görər.

Bəzən bezdiyiniz vaxt olurmu bu həssas dünyadan, hisslərdən…Laqeyd, heç nəyin yükünü çəkmədən yaşamaq istəyirsinizmi?

Olur amma çox deyil. Mənim fikrimcə şair, yazıçı və ya digər yaradıcı insanların pul qazanmaq dərdi, sosial problemi olmamalıdır. Ancaq yaşadığımız zəmanədə xüsusilə Türkiyədə bu mümkün deyil. O səbəbdən digər işlərlə məşğul olmalısan. Bu isə həm yaradıcılığın önünü kəsir həm də insanı bezdirir. Həqiqətən Türkiyədə  yaxşı kitab yazan və ya yaxşı sənət göstərən insanlar maddi problemi olmayan insanlardır. Çünki gördükləri tək iş yazmaqdır…

Sizi ilk dəfə sosial şəbəkdə gördüm, Azərbaycan bayrağı şeiri ilə tanıdım. Azərbaycana bu qədər sevgi və onun ruhunu duymaq…İstərdim bu sevginin, bağlılığın kökündə nələrin dayandığını oxuculara da açıqlayaq.

Türkiyədə Azərbaycana olan məhəbbət  qədim bir məhəbbətdir.  Ancaq bundan asılı olmayaraq, mənim əslim onsuz da Azərbaycandır. Ata babam Güney Azərbaycandan Xoyun Təzəkənd  kəndindən, nənəm isə Qərbi Azərbaycandan, İrəvanın Çobankərə  kəndindəndir. Ana babam isə Qarabağlıdır.  Mən isə Türkiyədə kiçik Azərbaycan olaraq bilinən Iğdırda  doğulmuşam.  Azərbaycanın Güneyi , Şimalı, Qərbi həm ruhumda həm bədənimdə bütövləşib.

Azərbaycana gəlmisinizmi heç?

Bəli Naxçıvana çox getmişəm və Güney Azərbaycanda çox olmuşam. Ancaq Bakıya hələ ki, gələ biməmişəm.

Azərbaycana həsr etdiyiniz şeirləriniz çoxdur bununla yanaşı hətta Azərbaycan dilində də şeirlər yazırsınız.

Bəli. Azərbaycan türkcəsi çox zəngin bir dildir. Bu dili bildiyim üçün özümü şanslı hiss edirəm. Azərbaycan türkü olmağın verdiyi qüruru həyatın hər sahəsində göstərmək niyyətindəyəm. Eyni zamanda Türkiyədə doğulub yaşayan bir Azərbaycanlı olaraq dilimizi və ədəbiyyatımızı burada yaşatmaq, inkişaf etdirmək arzusundayam.

Ali təhsil aldınızmı?

Bəli Trakya Üniversiteti Gümrük  İşletme məzunuyam.

Orta məktəbi türk dilində oxudunuz, ali təhsili türkcə bitiridiniz. Bəs Azərbaycan dilini bu qədər mükəmməl bilmək, onu nəzmə çəkmək, bunun öhdəsindən necə gəldiniz?

Mən çox kitab oxumuşam. Ancaq oxuduğum kitabların 60-70 faizi Azərbaycan kitabları olub. Yusif Vəzir Çəmənzəminli, İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və bir çox Azərbaycan yazarının əsərləri mənə o dilin ruhunu aşıladı.

Bildiymiz kimi Azərbaycan bu günkü müstəqilliyini əldə edənə qədər çox dönəmlər keçib. Azadlıq uğrunda çox mübarizələr aparıb. Bu da qəhrəman, oğul və qızlarımızın canı, qanı bahasına başa gəlib. Elə Bakıda törədilən qanlı 20 yanvar hadisələri buna bariz nümunədir. 20 yanvar hadisələrində İlham və Fərizənin də həm vətən sevgisi, həm də bir-birinə olan sevgisi yaddaşlara əbədi yazıldı. Onlar bu sevgi uğruna şəhid oldular. Siz də “ Fərizə” adlı romanı qələmə almaqla  bir Azərbaycanlı kimi bu hadisəyə laqeyd qalmamısınız. İstərdim bu roman barədə danışasınız.

“Fərizə” romanı mənim üçün çox dəyərlidir. Onun dəyəri Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin hansı çətinliklərdən keçdiyini anlamaqdan gəlir. Azərbaycan xalqının mübarizliyini, fədakarlığını, vətənpərvərliyini və Azərbaycan qadınının uca sevgisini anlatmaq fürsəti tapdım bu romanda. Fərizə yaxın tariximizin Leylisi, Şirinidir. Amma mən əminəm ki, bu an belə Azərbaycanımızın bütün qadınları Fərizə kimi sevgisinə sadiq və mətinlidir. Məqəsdim bu roman vasitəsilə Azərbaycan insanının Türkiyədə gerçək üzünü  göstərməkdir. Bunu bacardığım üçün də çox xoşbəxtəm. Bu romanı  yazarkən Azeəbaycandan dostlarımın yardımı oldu. Rəsmi sənədlər göndərdilər, hadisələri anlatdılar. Xüsusilə Sevinc Allahverdiyeva xanıma və dəstəklərini əsirgməyən bütün dostlara burdan təşəkkür edirəm.

Azərbaycanlı oxucular bu kitabı necə əldə edə bilərlər? Ümumiyyətlə kitablarınızı ölkəmizdə yayımlamaq fikriniz varmı?

Bəli. Bir neçə kitabımın xüsusilə “ Fərizə “ romanımın Azərbaycan türkcəsi ilə Azərbaycanda  yayımlanması ən böyük arzumdur.  İnşallah, tez bir zamanda bunu gerçəkləşdirəcəyik.

Müasir Azərbaycan yazarlarından kimləri tanıyırsınız?

Anar, Elçin, Rüstəm Behrudi, Zəlimxan Yaqub  və s. Əslində işlərin gərginliyi səbəbindən gənc  yazarları izləyə bilmirəm. Ancaq mütləq onları da oxumaq üçün fürsət tapacam. Çünki Azərbaycan ədəbiyyatı bitmək tükənmək bilməyən bir dəryadır.

Digər ölkədən Azərbaycan ədəbi mühiti necə görünür?

Azərbaycan ədəbiyyatında xüsusilə şeirdə Azərbaycanın Türkiyədən öndə olduğu bir anlayış var.  Məncə də bu belədir. Türkiyədə təəssüf ki, şeir oxuyan azdır və bu da yaxşı şairlərin yetişməsini əngəlləyir. Yazar və şairlər də iqtisadi çətinliklərə görə şeirə deyil, romana və ya başqa sahələrə yönəlirlər. O səbəbdən Azərbaycan şairləri daha gözəl əsərlər ortaya  qoyurlar. Buradan görünən budur. Amma ümumən Azərbaycan ədəbiyyatı çox inkişaf edib desək kimsə buna etiraz etməz.

Bizdə roman yazarlığı kasaddır yoxsa, təbliğat zəifdir?

Türkiyədə roman yazarlığı çox inkişaf edib. Bilirsiniz, Orhan Pamuk bu sahədə Nobel mükafatı aldı. Eyni zamanda Yaşar Kemal, Elif Şafak İskender Pala və s. onların əsərləri yüz minlərlə tirajla satılır. Onlarla bərabər digər xarici yazarların da əsərləri tərcümə edilib satışa çıxarılır. Azərbaycan roman yazarları bu mənada Türkiyə bazarında zəif nəticə göstərir. Amma inanıram ki,Türkiyədəki Azərbaycan sevdalıları bu sahədə də Azərbaycan romanlarını yuxarı səviyyəyə qaldıracaq. Azərbaycanlı yazarlar da Tolstoy, Dostayevski, Orhan Pamuk kimi Türkiyədə də tanınacaq və layiq olduqları dəyərə yetişəcəklər. Mən özüm ən azından bunun üçün çox cəhdlər göstərirəm. Hər cür çətinliyə rəğmən.

Bizim oxucular türk ədəbiyyatı ilə dərindən maraqlanırlar və türk yazarları çox oxuyurlar. Siz o ədəbi mühitin yazarı kimi kimləri oxuyurusuz?

Türk yazarlardan  Elif Şafak və Sinan Akyüzün romanlarını oxudum və  İlber Ortaylı hocanın tarix kitablarını.

Bu günə kimi neçə kitabınız işıq üzü görüb?

Beş şeir kitabı, bir roman bir hekayə və bir nağıl ümumilikdə səkkiz kitab.

Duyğuları nəzmə çəkmək yoxsa nəsrə çevirmək hansı daha rahatdır?  Hansı daha yaxşı alınır sizdə?

Mənim üçün nəzmlə anlatmaq daha cəlbedicidir. İkisinin də çətinliyi var. Ancaq şeir nəsrdən daha çətindir deyərdim.

Nənənizdən eşitdiyiniz nağılları kitab halına çevirdiniz. Azərbaycan qoxuyan bu kitab türkiyəli oxucularda nə qədər maraq doğurdu?

Çox qəribə gəldi onlara. Eşitmədikləri nağılları oxudular və çox müsbət fikrilər aldıq. Azərbaycan nağıllarının təbiiliyi və cazibəsi çox xoşlarına gəldi  oxucuların. Xüsusilə “ Cırtdan” və “ Şəngülüm ”  nagılları çox sevildi.

Hələ də nağıllar sizi öz sehirli aləminə apara bilirmi?

Bəli ( gülür ). Yaşımın 40 olmasına rəğmən hər oxuduğum nağılda o nağıl qəhrəmanının ruhuna bürünürəm. Bir uşaq kimi…

Orada nələri qoyub gəlmisiniz?

Nağıllar aləmində çox şey qoyub gəldik təəssüf… Uşaqlığımızdakı təmiz duyğular, saflıq, canavar qorxusu, heç biri yoxdu bu anda.  Mənim  üçün xüsusilə hər nağılda nənəmin İrəvandan gətirdiyi ana yurda həsrət baxışları getdi…

Siz necə öz övadınıza Azərbaycan sevgisi aşılayırsınızmı? Azərbaycanı necə təsvir edirsiniz?

Bir  oğlum var 11 yaşında. Mən o yaşlarımda coğrafiya kitabında dünya xəritəsində Azərbaycanı qırmızı qələmlə işarələyərdim ki, bəlli olsun. İndi eyni şeyi oğlum təkrarlayır. Demək ki eyni duyğular ona da keçib ( gülür ). Azərbaycan tarixi, dili və ədəbiyyatıyla da bağlı hər zaman məlumatlandırıram. Bir Azərbaycanlı danışdığı zaman tamamilə anlayacaq səviyyədə bilir.

Yüreğim çatlıyor orta yerinden

Gecenin kahrına gebe bu akşam

İçime bir hüzün akar derinden

Batırır ruhumu dibe bu akşam… Axşamlar şairə çox zamanmı dərd ortağıdır?

Axşamlar şair öz ruhu ilə baş- başa qalır. Gündüzləri təəssüf  ki, sosial qayğılardan eyni duyğuları hiss etmək fürsəti olmur.

Sığmıyor yüreğim bu koca şehre

Alıp ceketimi çıkasım gelir

Cismimi atarak coşkun bir nehre

Deryanın dibine akasım gelir …Dünya şair ürəyinə sığar, amma şair ürəyi dünyaya sığmaz…Bu qədərmi fərq var?

Bəli…Şairlər dünyanın bütün dərdini ürəyində hiss edib daşıya bilən insandır. Ancaq bəzən ürəyi o qədər dolar ki, bu ürəyi heç bir yerə sığmaz.

Hal-hazırda yaradıcılığınızda nə yenilik var?

Hal-hazırda Azərbaycan ədəbiyyatının Türkiyədə  tanıdılması üçün Azərbaycan kitablarını Türkiyə türkcəsinə çevirirəm. İki kitabı bitirmişəm. Yusif Vəzir Çəmənzəminlinin “ İki od arasında “ və Cəlil Məmmədquluzadənin “ Danabaş kəndinin  əhvalatları” –nı bitirdim.  Üçüncü kitaba başladım. Eyni zamanda Azərbaycanla bağlı yeni bir roman üzərində işləyirəm. Bu yeni romanın böyük səs- səda doğuracağına əminəm.

Azərbaycanı bütöv sevən insan, sevgilərin ən alisi sizinlə olsun.

Azərbaycanda canlı bir reportajda da görüşmək diləyilə Afət xanım. Təşəkkür edirəm dəyər verdiyiniz üçün və bu xoş söhbət üçün.

Azərbaycan mənim üçün sadəcə sevgi deyil, bir EŞQdir.  Heç bir zaman bitməyəcək…

Afət Natiq

 

Foto Qalereya

  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows
  • brick and by windows

31.10.2016 12:18

Xəbər 927 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar