Tural Turan

Zəngilan xanım… Araz əmi… – işğalın açar sözləri…

Zəngilan işğal olunandan bir gün əvvəl mənim ad günüm idi. Dörd yaşım tamam olurdu. Çox qəribədir ki, işğal olunan rayonlar içərisində yalnız bu rayonun zəbt olunduğu günü xatırlayıram. Açığını desəm, Zəngilanın işğalı ilə bağlı açar sözləri dörd yaşımdan bu günə kimi ağlımın bir küncündə qıfıllı bir çərçivəyə kilidləyib bu günə kimi gətirmişəm.

1993-cü ilin oktyabrın 20-də bacım dünyaya göz açdı. O vaxt yeni doğulmuş körpələrin və ananın təhlükəsizliyi səbəbi ilə hər ikisi  bir həftə xəstəxanada qalmalı olurdu. Atam məndən dörd yaş balaca bacımı və anamı  ayın 27-si evə gətirəsi oldu. Ara-qarışıb məhsəb itdiyindən – evə gəlib gedənlərin çoxluğundan mənim ad günüm bir-iki günlük təxirə düşəsi oldu…

Atam doğum günü məclisini ayın 29-a keçirdi. Evdə limonadlı, turşu-şorabalı və kəlapırlı bir stol açıldı. Bacımın gəlişi səbəbi ilə beş otaqlı evimizdə ayaqlar ayağa dolaşırdı. Babam dizini yerə qoyub dörd tərəfini çayırıa bükdüyü qapımızdakı köhnə senaj quyusundan bir-iki heyva, qarpız-yemiş çıxarıb gətirib ağbajıma verdi. Sizin üçün yad kəlmə ola biləcək bu söz biz tərəfdə əminin yoldaşına deyilir. Sonra babam yenidən quyunun başına qayıtdı və həhimki qaydada əlini daha dərinə salıb bir neçə yaylıq heyva çıxardı. Tozunu gödəkcəsinə silib, sırıxlısının cibinə basdı. Məhləmizin ayağından iki-üç daranqı (qovaq ağacı-red.) şaxı gətirib şişlik (kabab) daşının üstünə əndərdi. Döş cibindən yağışda islanmamamq üçün sellofana bükdüyü kibritini çıxardı. Nöyütsüz filansız sarı marqarin kağızını yandırıb (yaşlı adamlar yaxşı bilər) şişlik daşına od vurdu. Şişlik daşı qırmızı kərpicdən hörülərdi. İki-üç kərpicdən bir 10 santimetrlik şişlərin taraz durması üçün ara qoyulardı. İndiyə qədər də bizim evdə kabab manqal üstündə yox, şişlik daşında bişirilir…

…Birdən əmim qayıtdı ki, bəlkə vedrədəki qovurmanı da çıxarıb qızardasınız, axşam Lazım gələcək. Lazım (Quliyev) əmimin sinif yoldaşı idi. Müharibədə döyüşürdü. Orta məktəbi bitirən kimi könüllü orduya getmişdi. Əmimi aparmamışdılar, bir gözünə uşaq vaxtı talaşa batdığından uzağı yaxşı görmürdü.

Axşam Lazım gəldi. Yapyaşıl bir paltar geyinmişdi. Əyri papağı vardı. Qolunda da bayyaq… Açığı paltar xoşuma gəlsə də, başındakı əyri papağının sapsarı, lampa işığında parıldayan ay-ulduza gözüm düşmüşdü. Ürəyimdə dedim ki, papağı çıxarıb ağbajıma versə ulduzu qoparıb gizlədəcəyəm…

Süfrənin şirin yerində babam davanı xəbər aldı. Lazım əmi dedi ki, vəziyyət elə dünən (ayın 28-i) camaat Zəngilandan çıxarılıb:

  • Alpı dayı, Zəngilanı da verdik. Az qaldı ki, camaat Arazda qırılsın. İki gün keçmək mümkün olmadı. Ayın 28-i suyun səviyyəsini aşağı saldılar. Hamımız İrana sarı keçdik, “okrujeniyada” qalmışdıq. Camaatla bərabər… Hamı yorğan-döşəkli keçdi. Barxananı-zadı da götürmüşdülər… Bizim “rota” Biləsüvara çatanda komandirim mənə icazə verdi. Dedi ola bilsin hücuma keçdik bir neçə gün sonra. Evə dəy gəl…

Babam da qayıtdı ki,  a Lazım, desənə Zəngilanı da Araza tapşırıb gəlmimisiniz…

Bu söhbətdə iki təzə söz eşitdim. “Rota” və Zəngilan… İkisi də xoşuma gəldi. Yadımda saxladım. Düşündüm ki, Zəngilan xala kimdi görəsən. Onun Araz əmi ilə nə işi? Yoxsa bu Lazım əmi də onların toyuna gəlibmi? Hələ küçədə nə qədər adamın adını bilmirəmeee-deyə öz –özümə düşündüm.

O gün Zəngilanı Araza tapşırıb gəlmişdilər. Zəngilan xala gəlin paltarı geyib, Araz əminin qoluna girmişdi və ya girəcəkdi… Yəqin Lazım əmi də onların sağdışı imiş…

Nə qədər qəribə olsa da, dörd yaşımda Zəngilan kəlməsi ilə bağlı qurduğum bu mif, on-on bir yaşımdan yavaş-yavaş mənim üçün çözülməyə başladı. Lazım əmini isə bir də görmədim. Məktəbimizin Şəhidlər Guşəsində yazılmışdı ki, 12 may 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O vaxtdan bəri hamı Lazımı axtarır bu ölkədə. Nə lazım gəlir, nə də Zəngilan… Görünür Araz əmi ikisini də güvələyib…

Lazım əmidən mənə bircə həmin qara beretka qalıb. Papağı ilə ulduzu bir-birindən ayrılmış beretka. Ulduzunu mən saxlamışam, beretkasını anam… Ulduzunu qopardığım həmin yaşıl paltarlı əmini bir daha öz ad günümdə görmədim. Heç əvvəl də görməmişdim…

Bağışlayın ki, bu yazıda erməni ifadəsi işlətmədim. O vaxt onların adı biz tərəfdə çəkilmirdi, erməniyə tösöy və ya dığa deyirdik… İndi kəndimizdə erməniyə tösöy deyən kişilər qalmayıb, hamı erməni, dığa deyir. Tösöy ifadəsi həm də tüstüləyən yaş çubuğa deyirlər…

Deyəsən bu gün də ayın 29-du hə?!… Yoxsa “Zəngilan xanım” yadıma düşməzdi…

29.10.2016 12:19

Xəbər 473 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar