Zamin Qafarsoy

SON SÖZÜ MƏN DEYƏCƏM

“Nəsə elə bir söz deməliyəm ki, qarşımdakının verə biləcək alternativ cavabı olmasın” Çoxlarımızın beyni bu formada işləyir. Rəsmi dövlət statusu olan şəxslərdən tutmuş küçədə şeş-beş oynanayan 15 yaşlı gənclərə qədər. Heç kim heç kimin sözünü nə həzm etmək, nə də qəbul etmək istəmir. Kimi dindirirsən 1-2 cümlədən sonra mütləq mübahisəni öz xeyrinə yekunlaşdırmaq üçün səni əzməyə çalışacaq. Yəni  yumruq savaşında ilk vuran qalib gəldiyi kimi söz savaşındada son sözü deyən qalib gəlir. Daha doğrusu biz belə təsəvvür edirik. Yumruq döyüşü demişkən, neçə nəfər sözün əsl mənasında döyüşçü tanıyırsınız ki, ilk yumruğu o vursun?!. Bilən bilir, əsl idmançılar və idmanın döyüş sahəsi üzrə bacarıqlı olanlar heç vaxt birinci yumruq vurmaz, bacardıqları qədər dava-dalaşdan uzaq durarlar. İndi keçək söz pəhləvanlarına:

-Daxilimizdəki eqo bizi qarşıdakı insanın fikrini müzakirə etmək və onun fikirlərini qəbul etməmə duyğusu yaradır. Düşünürsünüzsə “son sözü” deməyə cəhd etmək eqonun günahıdır yox, bunun səbəbi supereqo və rəqibin gücüdür. Rəqib dedim amma bu bizə görə rəqibdir. Qarşımızdakı mübahisə etdiyimiz insandır, sadəcə fikirləri, düşüncələri bizimkilərlə eyni deyil.

-Supereqo mübahisələr və müzakirələr zamanı “məndən gücülüsü yoxdur, hər şeyin düzünü mən bilirəm, son sözü mən deyərəm, mən niyə qarşımdakının fikirlərini qəbul etməliyəm?, mənim fikrimcə mən düzəm, düşmənlərim mənim köləmdir, onlar mənə nəyisə başa sala bilməzlər, mən hər kəsdən ağıllıyam, mən hər kəsdən daha çox  məlumatlıyam” və s. və ilaxır kimi ibarələri qulağımıza fısıldayır. Bu mübahisənin də sonu ya dava-dalaşa gedib çıxır yada hər iki tərəfin öz fikrində qalmasına ortaq məxrəc tapa bilməməsinə.

Əslində bir çox inanc sistemində fərqli adla verilən şeytanın da burda günahı yoxdur. Ay zalımın oğlu, sən insansan, qarşındakı da insandır, bu qürurunu, mənəm mənəmliyini, göylə getməyini at bir kənara, insan kimi söhbət et. Yox, qardaş and içib qarşısındakını sözləri ilə torpağa göməcək. Torpağa gömməyi mən deyirəm bunun el içində fərqli formaları var: filankəsi sındırdım, bağladım, nə bilim xoruzunu qoltuğuna verdim və s.

Söz pəhləvanları içi boş qazan kimidir, səsi gur çıxır amma heç kimə bir xeyri yoxdur. Yuxarıda dirənmənin rəqibin gücü ilə əlaqəli olduğunu da qeyd etdim. Fikir versəniz görəcəksiniz, insan adətən özündən daha savadlı, dünya görüşlü, elmli, müzakirə olunan mövzunun mütəxəssisi ( adətən gənc mütəxəssisi) olan biri ilə saatlarla mübahisə edir. Səbəbi natamamlıq və ya çatışmazlıq sindromunu dilinin hesabına ört-basdır etməkdir. İstisnaları çıxmaq şərtilə çoxluq olaraq nədənsə əzməyə və əzilməyə meyillik. Bizim üçün insanlar gələcəyə əl – ələ tutub gedə bilcəyimiz varlıq yox, gələcəyimizə mane olacaq rəqiblərdir.

Son sözü demək duyğusu Ön sözdən xəbərsiz olduğumuz üçün yaranır. Kitabların ön sözünü oxumadığımız kimi insanlarında ön sözünü görmədən mövzuya başlayırıq. İnsanların Ön sözünü bir iki cümlə çatdırırım sizlərə:

– Qarşında duran bu məxluq sənin kimi bir insandır. Sən onu öncə oxumağa çalış, onsuzda sonra müzakirə edərsən. İnsanda kitab kimidir deyirlər, doğrudur amma yanlış tərəfi insanın içi və çölü ilə əlaqəndirmələridir.  Əslində isə belədir: İnsan kitab kimidir. Sən ilk olaraq kitabı oxuyub sonra müzakirə etdiyin kimi, öncə insanı dinlə sonra müzakirə et. Sən kitabını əzilməsin deyə gözün kimi qoruduğun qədər, qarşındakı insanın insani duyğuları incilməsin deyə dilindən çıxan hər cümləyə fikir ver. Sən ən pis kitabını belə sevib oxşadığın ki, qarşındakı insan nə qədər yanlış danışırsa danışsın dinlə və başını yellə. Çünki ən pis kitabdan da sən nə isə öyrənə bilərsən. Həmçinin səndən elmi səviyyəsi qat-qat aşağı olan bir insan sənin elmini müzakirəyə çıxarıbsa, o zaman çatışmayan və üstün tərəflərini görərsən. Oxumaqdan doymadığın kitabların kimi, insanları da sakitcə dinləməkdən çəkinmə. Bu zəiflik göstəricisi deyil. Unutma əgər sən bir kitabı Ön sözündən Son sözünə kimi səbrlə oxusan, hadisələrə, problemlərə və s. məsələlərə agəh olsan eyni insanla müzakirədən sonra  sağollaşıb, təsəvvüründə kitabı  bağlayıb ürəyində kitabla bağlı düşüncələrini dediyin kimi,  onsuzda son sözü sən deyəcəksən, çünki kitabı oxuduğun kimi, insanıda dinləyib. əzbər bilirsən. Bunu onun üzünə deyib düşmən, rəqib olmaqdansa ürəyində deyib, beynində onun çatışmayan tərəflərini tamamlamağın bir yolunu fikirləşib tapmalısan. Heç kim ideal, mükəmməl deyil amma hamımız insan kimi davransaq mükəmməl olmasaq da yaxşı insan ola bilərik. Dərd İnsan olmaqdadır, son sözünü onsuzda ölüm döşəyində əzrailə deyəcəksən.

12.10.2016 18:22

Xəbər 1236 dəfə oxunub

Yazar: admin

Xəbər lenti

Saytlar